Futbol üzrə Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunlar öncəsi daha bir itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Pepe zədə səbəbindən martın 24-dəki matçda iştirak edə bilməyəcək.
Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Portuqaliya çempionatının 24-cü turunun "Portimonense" ilə görüşündə (2:1) zədələnən 38 yaşlı müdafiəçi artıq heyətdən çıxarılıb. Onun əvəzinə yığmaya yerli "Sportinq"in oyunçusu Luis Neto dəvət olunub.
Daha əvvəl İngiltərənin “Vulverhempton” klubunun qapıçısı Rui Patrisio eyni səbəbdən millidən kənarlaşdırılmışdı. Onu da “Olimpiakos”un qapıçısı Joze Sa əvəz etmişdi.
Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Bundan 3 gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq Portuqaliya yığmasını martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.