"Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, kolumbiyalı futbolçu hazırlıq barədə danışıb:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yığmalarına dəvət almayan futbolçular üçün yaxşı fürsət yaranır. Bu dönəm öz üzərimizdə işləmək və çatışmayan cəhətləri aradan qaldırmaq üçün yaxşı hesab edilməlidir. Elə bu vaxt mənim üçün də göydəndüşmə oldu. Məlum səbəblərdən bir müddət rəsmi oyunlardan kənar qaldım. Oyun ritmini bərpa etmək və matçlara hazır olmaq üçün əlverişli zamandır. Məşqlərimiz öz axarında davam edir və bundan maksimum yararlanmağa çalışırıq".
Medina Premyer Liqada komandaların "Qarabağ"a qarşı fərqli mübarizə apardıqlarını bildirib: "Premyer Liqada oyunlar getdikcə daha da çətinləşir. Komandalar bizə qarşı fərqli əhval-ruhiyyədə, motivasiyada hazırlaşırlar. Bu baxımdan oyunlar bizim üçün çətin keçir. Buna baxmayaraq, bizim hədəflərimiz dəyişmir. Növbəti oyunlarda maksimum xallar qazanmağa çalışacağıq".