“Həftədə üç oyun keçirmək çox çətindir. Bu səbəbdən nəticəni proqnozlaşdırmaq doğru deyil”.
Sportarena.az xəbər verir ki, bunu “Sabah”ın serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib. Ölkəsində sport.blic.rs saytına danışan 36 yaşlı qolkiper DÇ-2022-nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya matçına münasibət bildirib.
O, serbləri çətin oyunun gözlədiyini söyləyib: “Mənim arzumu bilirsiniz. Ancaq Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi komandanı taktiki cəhətdən formalaşdırmaq üçün əlindən gələni edəcək. Əminəm ki, Azərbaycan Portuqaliyaya qarşı keçirdiyi matçdakı strategiya ilə meydana çıxacaq. Bir çox yığmalar üçün ilk 15-20 dəqiqə vacib period sayılır. Çıxış etdiyim klubdan 6 futbolçu Azərbaycan millisinə çağırılıb. Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamağın və ilk iki görüşdəki məğlubiyyətin əvəzini çıxmağın vacib olduğunu hiss edirəm”.
Stamenkoviç Serbiyanın seçmə mərhələyə uğurlu başlanğıc etdiyini bildirib: “İlk iki turda yaxşı nəticə əldə etdik. Yeni baş məşqçi Draqan Stoykoviçin komanda ilə hazırlıq keçmək üçün az vaxtının olduğunu nəzərə alsaq, komanda yüksək səviyyədə oynayıb. Ən çox bəyəndiyim amil kollektiv oyun sərgiləməyimizdir. Uzun müddətdən sonra heyətdə təkcə 11 futbolçu yox, ehtiyatda oturanlar da eyni dərəcədə əhəmiyyət daşıyırlar. Nəticəyə görə onlardan hansınısa fərqləndirmək ədalətsizlik olar”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya oyunu saat 20:00-da başlayacaq.