"Çətin oyun olacağını gözləyidik. Müdafiəçilərimizdən isə bu səhvləri gözləmirdik. Oyunu qol buraxmadan bitirmək istəyirdik. Rəqibə geridönüş üçün şans yaratmışdıq. Amma vəziyyəti düzəldə bildik".
Sportarena.az xəbər verir ki, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Bakıda millimizə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis millimizin asan rəqib olmadığını bildirib: “Azərbaycan təhlükəli komandadır, onların bizə çətinlik yaradacağını vurğulamışdım. Əks-hücumdan bizi cəzalandıra bilərdilər. Hesab 1:1 olduqdan sonra işimiz çətinləşdi. Ancaq meydandan 3 xalla ayrılmağı bacardıq”.
O, Bakı haqqında da təəssüratlarını bölüşüb: "Ailəmlə bura turist kimi yenidən gəlmək fikrim var. Bakı gözəl şəhərdir, sonuncu dəfə bura 2003-cü ildə gəlmişdim. Amma o dönəmdəki şəhərdən əsər-əlamət qalmayıb. Ümid edirəm yenə gələcəyəm".