Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5-ci mərhələsi davam edir.
Sportarena.az xəbər verir ki, 11-ci turda Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib və onlar heç-heçə edib. Günün ikinci oyununda Teymur ağ fiqurlarla Sergey Karyakinlə (Rusiya) xalı yarı bölüb. Şəhriyar qaralarla Aryan Tarini (Norveç) məğlubiyyətə uğradıb.
13-cü turda Məmmədyarov prinsipial görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb. Şahmatçımız ağl fiqurlarla oynayıb. Görüş sülhlə başa çatıb. Teymur Rəcəbov isə Le Kuanq Lyemlə (Vyetnam) heç-heçə edib.
Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.