Futbol üzrə Polşa millisinin sabiq üzvü, hazırda Almaniyanın “Borussiya” (Dortmund) klubunda forma geyinən Lukaş Pişek karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Polşalı müdafiəçi 35 yaşında futbolla vidalaşıb. Təcrübəli oyunçu əslində karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi. O, bu mövsüm Bundesliqada cəmi 9 oyunda iştirak edib.
Pişek yayda atasının vitse-prezident olduğu Polşanın “Qoçalkovitse” klubuna qayıdacaq və fəaliyyətini 2019-cu ildə açdığı futbol akademiyasında davam etdirəcək.
Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Pişek 3 qol vurub. O, 2010-cu ildən “Borussiya”nın uğurları üçün çalışırdı. Müdafiənin həm mərkəzində, həm də sağında oynamağı bacaran futbolçu, Dortmund klubu ilə 2 dəfə Almaniya çempionu olub. O, Almaniya kubokunda və superkubokda da iki dəfə qalibiyyət sevinci yaşayıb. Pişek karyerası ərzində Almaniyanın “Herta” və Polşanın “Zaqlenbe” komandalarının da uğurları üçün çalışıb.