“Oyun haqda çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən ki, sonra nələr baş verdiyinə baxasan”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə keçirilən cavab oyunundan sonra deyib.
O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: “Uşaqların alnından öpürəm, bağrıma basıram. Onlarla qürur duyuram. Bu gün meydanda tam istədiyim kollektivi gördüm. İlk dəqiqədən son saniyəyə qədər apardıqları mübarizə, inamları, 10 nəfərlə hücuma atılmaları, qol vurmaları təqdirəlayiqdir. Bəlkə də, mövsümün ən yaxşı oyunlarından birini keçirdik”.
R.Sadıqov qırmızı vərəqə aldığı epizod haqqında da danışıb: "Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdur, belə penalti vermirlər. Futbolçuların əziyyətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilər. Bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır. Mənə həqiqətən çox maraqlıdır. Texniki zonanı pozmuşamsa, sarı vərəqə versin. Mənə niyə qırmızı verdi? Bir kəlmə artıq söhbət işlətməmişəm. Sadəcə, demişəm ki, penalti yoxdur".
Nə deyəcəyimi bilmirəm. Məsələ bizim avrokuboka düşməyimizdirmi? Getsək və ya getməsək, nə olacaq? Kuboku qazansam və ya qazanmasam, nə olacaq? Mənim üçün dəyişən bir şey yoxdur. Heç nə olmayacaq. Alınmasa, Rəşad dəyişilir və ya hörməti azalır? Mənə bir kuboka görə hörmət olacaqsa, mən elə hörmət istəmirəm".
Qeyd edək ki, "Zirə" ilk oyunda qələbə qazanmasına (2:1) baxmayaraq, ikinci görüşdə öz meydanında məğlub olaraq (2:3) mübarizəni dayandırıb.