Qurban Qurbanov: "Mahirə yenə təklifimiz olacaq"

12:12 5 May 2021

"Neçənci oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçularımı təbrik edirəm. Rəşad Sadıqova uğurlar arzulayıram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunda "Zirə" ilə heç-heçə etdikləri oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

 

O, hücumçu Mahir Emrelinin mövsümün sonunda Polşanın "Legiya" klubuna keçəcəyi haqda xəbərlərə də münasibət bildirib. Baş məşqçi mövsümün sonunda yenidən Mahirə təkliflərinin olacağını qeyd edib: "Bununla bağlı klub tərəfindən açıqlama verilib. Mahir mayda azad agent olacaq. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var. Bu gün də Mahirlə söhbətimiz olur. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu daha səviyyəli komandada oynasın. Mövsümün sonunda təklifimizi yenə edəcəyik. Razılaşsa, qalacaq, razılaşmasa, gedəcək".
 

Qurban Qurbanov "Zirə"nin serbiyalı müdafiəçisi Nemanya Andelkoviçlə maraqlandıqlarına dair fikirlərə də aydınlıq gətirib: "Onun oyununu bəyənə bilərik. Ancaq belə bir fikrimiz yoxdur. Olsa belə, bu barədə açıqlama vermək düzgün olmaz. Hərçənd, etiraf edirəm ki, oyunu xoşuma gəlir".
 

Baş məşqçi çempionluq şansları barədə bunları deyib: "Məndə hansısa hegamonluq düşüncəsi olmayıb. Həmişə işimə məsuliyyətlə yanaşmışam. İnsan il boyu sağlam ola bilməz. Sənin naxoş olduğun vaxt da olacaq. Futbol da elədir ki, illər boyu dediyimiz hegamonluğu saxlamaq olmur. İngiltərədə "Lester"in çempion olduğu dönəmi xatırlayaq. Bəzi güclü klubların yanında qızıl medal qazandılar. Biz hər turnirə maksimum məsuliyyətlə çıxırıq. Komandanı bizə həvalə ediblərsə, əlimizdə 9-10 futbolçu qalsa da, sonadək mübarizə aparacağıq".
 

49 yaşlı mütəxəssis "Çempion olsanız, komanda ilə birgə Qarabağa getməyə hazırsınız?" sualını belə cavablandırıb: "Mən həmişə buna hazıram. Ancaq indi ora getmək o qədər də asan deyil, orada ciddi işlər gedir. Zamanı çatanda getmək istəyirik".


Digər xəbərlər

Xəbər xətti