Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
Sportarena.az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Terens Koumaba (Qabon), Həsən Xalmurzayev (Rusiya) və Aslan Lappinaqovu (Rusiya) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
Bu mərhələdə macar cüdoçu Attila Unqvariyə uduzan Murad bürünc medal uğrunda görüşə qatılıb. 3-cü yer uğrunda qarşılaşmada Belarus atleti Yunus Bekmurzayevə qalib gələn cüdoçumuz bürünc medal qazanıb. Beləliklə nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Bu, Azərbaycanın ümumilikdə 21-ci olimpiya lisenziyası olub.
Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Milli komandamız turnirdə 10 cüdoçu ilə təmsil olunur.