Qurban Qurbanov: "15-20 futbolçu ilə maraqlanırıq"

00:24 10 May 2021

Azərbaycan Premyer Liqasında XXVI turun "Sabah" - "Qarabağ" (0:4) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 

- Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Bundan da vacibi komandanın oyun tempini ilk dəqiqələrdən qaldırması idi. Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda belə hesablar alınır. "Sabah"ın baş məşqçisi Ramin Quliyevə uğurlar arzu edirəm. İntizamlı komanda yaradıb. Sevinirəm ki, bütün komandaları yerli məşqçilər çalışdırır. Hər birinə uğurlar arzu edirəm. Meydança da çox möhtəşəm idi. Ot örtüyü yaxşı idi.

 

- Niyə penaltini Mahir Emreli vurmadı?
- Mən futbolçuma demirəm ki, mütləq sən bombardir olmalısan. Xüsusən də, belə bir vaxtda. Qələbə üçün meydanda hər kəs əlindən gələni edir. Düzdü, istəyərəm ki, bizim futbolçular çox qol vursunlar. Ancaq bu barədə düşünmürük, "Qəbələ" səfərində və ondan əvvəl də belə bir şey olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmaq istəmirəm. İstərdim ki, komandada daha yaxşı penalti vuran olsun.

 

- Rahil Məmmədovu Kevin Medina sarı vərəqə alıb, cəzalı vəziyyətə düşdüyü üçün meydana saldız ki, hazır olsun?
- Növbəti oyuna qədər vaxtımız var. Belə oyunlarda qırmızı vərəqə də bizi narahat edir. Rahili buraxmaq o demək deyil ki, növbəti oyunda Rahil meydanda olacaq. Rahil bizim əsas futbolçularımızdandı. Növbəti oyunda baxacağıq.

 

- Mahir Emrelinin "Legiya"ya transferi məsələsi nə yerdədi?
- Həll olunsaydı, hamımız bilərdik. Rəsmi müqavilə olsaydı, açıqlama verərdik. Hazırda Mahirin bütün diqqəti çempionatdadı. Hələ rəsmi bir şey yoxdu. Ona təkliflər də var, onları da nəzərdən keçirir.

 

- Felipe Rayanla bağlı nə deyə bilərsiz? Mətbuatda onunla razılaşdığınız deyilir.
- Rəsmi heç kimlə danışığımız olmayıb. Bəlkə, bu dəqiqə biz 15-20 futbolçu ilə maraqlanırıq. Hazırda həmin oyunçu ilə bağlı hansı səviyyədə danışdığımızı xatırlamıram. Oyunçu sayı çoxdu, lakin heç kimə rəsmi təklif göndərməmişik.
 

- Son vaxtlar - Ağdamın işğaldan azad olunmasından sonra belə fikirlər var ki, "Qarabağ"a artıq daha çox diqqət yetirilməyəcək. Bu haqda fikirləriniz nədi?
- Ola bilər, insanlarda fikir formalaşıb ki, Qarabağ işğaldadı deyə, komandaya daha çox diqqət yetirilib. Bu, belə deyil. Rəhbərlik neçə illərdi komandaya sponsorluq edir, bu adı qorumaq üçün əziyyət çəkir. Torpaqlarımızın alınması bizim kluba sevgimizi daha da artırır. Başqa cür fikirlərin olmasına inanmıram. Transfer etmək asan deyil. Komandanı eyni səviyyədə 15-20 il qoruyub saxlamağı görməmişəm. Avropada da belə bir nümunə yoxdu. Bəzən görürsən ki, 10 futbolçu anidən üzə çıxır, sonra onları geri qaytarmaq olmur. Rəhbərlik hər zaman bu komandanı qoruyub saxlamağa çalışacaq. Klubub prezidenti də söz verib ki, nə qədər ki, biz varıq, bu klubu yaşadacağıq.

 

- Sponsorlar 2020-ci ildə "Qarabağ"a pul ayırmayıb?
- Belə detalları mən bilmərəm. Sponsor pul ayırmasa, komanda ayaq üstə qala bilməz. Bizim ən çox qazancımız Çempionlar Liqasına vəsiqə qazananda olub. Komandanı saxlamaq asan deyil. Avroliqada səfər oyunları zamanı xərclər də ucuz başa gəlmir. Bəzən turnirin verdiyi pul da çatmır. Mən detalları bilmirəm. İllər boyu sponsorlarımız kluba pul qoyub.


Digər xəbərlər

Xəbər xətti