Legioner molla - İlqar Tağıyev yazır

11:43 11 May 2021

Mayın 8-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

 

İclasda 2021/22-ci illər mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb və aşağıdakı qərarlar qəbul edilib: "Qarabağ", "Neftçi", "Sumqayıt", "Zirə", "Keşlə" və "Sabah"a UEFA-nın klub yarışlarında, "Qəbələ" və "Səbail"ə isə Premyer Liqada iştirak etmək üçün lisenziya verilsin. Həmçinin, Premyer Liqa yarışlarında iştirak etmək üçün Lisenziya Komissiyasına müraciət edən 1-ci Divizion təmsilçiləri - "Kəpəz", "Turan Tovuz", "Qaradağ-Lökbatan", "Zaqatala"ya lisenziya verilməsin. Bu isə o deməkdir ki, növbəti mövsüm də Premyer Liqa 8 komanda ilə keçiriləcək.

 

Əslində, son 2 ildə AFFA rəsmiləri, konkret olaraq PFL prezidenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Premyer Liqada komanda sayının artırılacağı barədə ictimaiyyətə söz vermişdi. Düzü, burada Ramin müəllimlik bir şey yoxdur. PFL prezidenti nə İcraiyyə Komitəsinin üzvüdür, nə də taleyüklü qərarlara aidiyyatı var. O, Premyer Liqanın və 1-ci Divizionun keçirilməsinə cavabdehdir. Ancaq Elxan Məmmədovun Azərbaycan futbolundakı hər iki mənada fəaliyyəti hamıya bəllidir. Yanvar ayında mətbuata açıqlamasında komanda sayının artırılacağını bildirən  icraçı vitse-prezidentin vədləri yalan çıxdı. Cari mövsüm pandemiya səbəbindən komanda sayı artırılmamışdı və bu, haradasa başadüşülən idi. Amma növbəti mövsüm üçün say artımının olmaması...

 

Bildiyimiz qədər komanda sayının artırılmamasının əsas səbəbi maliyyədir. O da məlumdur ki, bəzi Premyer Liqa klubları və Divizion təmsilçiləri sırf AFFA-nın maliyyə dəstəyi hesabına yarışlarda iştirak edir. Premyer Liqaya yeni komandaların gətirilməsi üçün əlavə maliyyə resurslarına ehtiyac var ki, AFFA bunu bacarmadı. Nəticədə hər şey köhnə axarı ilə davam edəcək. Gözlənilən budur ki, növbəti mövsüm Divizionda komanda sayı artacaq. Bu, yeni klubların hesabına deyil, "Qəbələ", "Səbail" və "Zirə"nin əvəzedici komandalarının yenidən yaradılması hesabına reallaşacaq. Buna da şükür!

 

Qısası, Premyer Liqada komanda sayı artmayacaq. Bu isə o deməkdir ki, növbəti mövsüm də Bakı birinciliyinə bənzəyən çempionat izləyəcəyik. Bu isə o deməkdir ki, Azərbaycanda futbol olduğu bataqlıqdan çıxa bilməyəcək. Bu isə o deməkdir ki, illərdir əziyyət çəkən və yetişən onlarla gənc futbolçu futbolu atmalı olacaq. Bu isə o deməkdir ki...

 

Azərbaycan futbolunun indiki vəziyyətinə bir fatihə düşür. Fatihəni oxumaq üçün isə molla lazımdır. Qorxuram ki, mollaya ehtiyac olsa, yerlilərə deyil, futbolun hər sahəsində olduğu kimi bu dəfə də legioner axtarmalı olacağıq.

 

İlqar Tağıyev / "525-ci qəzet"


Digər xəbərlər

Xəbər xətti