“Qarabağ” klubunun prezidenti Tahir Gözəl əsas komandanı ziyarət edib.
Sportarena.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında mövsümün son turunun “Neftçi” ilə səfər matçında futbolçulara uğurlar arzulayan Tahir Gözəl onlara inandığını dilə gətirib:
“Biz uzun illər Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl 7 il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq. Digər tərəfdən koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin.
Ötən mövsüm yarımçıq qaldı. Komandamız 5 aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədi. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi 1 oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qruplara qalmağı bacardı. Özü də Vətən Savaşının 3-cü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək. Anlayırıq ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq.
Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Komandamıza inamım sonsuzdur. 10-15 il bundan əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 7 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək desə, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz "Çelsi", "Tottenhem", "Arsenal" kimi rəqiblərlə qarşılaşdıq, "Atletiko"nu qrupda saxladıq.
Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram”.