Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsinin iştirakçıları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “The FTX Crypto Cup” adlandırılan bu mərhələdə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.
Yarışda dünyanın ən yaxşı 10 şahmatçısı ilə yanaşı, daha 6 nəfər iştirak edəcək:
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi Azərbaycan), Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland), Dinq Liren (Çin).
23-31 may aralığında keçiriləcək turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonus olacaq.
Artıq yarışın püşkü də atılıb. Püşkə əsasən, ilk 5 tur mayın 23-də, 6-10-cu turlar mayın 24-də, 11-15-ci turlar mayın 25-də keçiriləcək.
Teymur Rəcəbov ilk turda Hikaru Nakamuraya rəqib olub. Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək. Hər iki şahmatçı startda ağ fiqurlarla mübarizə aparacaq.
Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla 5-ci, Məmmədyarov isə 7-ci turda qarşılaşacaq. Onlar bu qarşılaşmalarını da ağ fiqurlarla keçirəcək.
Azərbaycan şahmatçıları arasındakı görüş isə 6-cı tura təsadüf edəcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.