“10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. Çalışırıq bu az vaxtda maksimumu edək".
Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Belarus yığması ilə bu gün keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibi tərifləyərək FİFA reytinqində millimizi 40 pillə qabaqladığını xatırladıb: "Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməliyik. Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyük hesabla məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır.
De Byazi heyətdə böyük dəyişiklik etməyəcəyini bildirib: "Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə burada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.