Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

20:36 6 İyun 2021

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

 

Yarışın ilk günündə 4 idmançımız mübarizə aparıb. Kişilərin yarışında Kəramət Hüseynovla Davud Məmmədsoy, qadınlarda isə Aişə Qurbanlı və Leyla Əliyeva xalça üzərinə çıxıb. 

 

Kişilər
60 kq

 

Kəramət Hüseynov ilk cəhdində Mohammad Raşnonezadi (İJF) məğlub edərək, 1/16 finala yüksəlib. Bu mərhələdə moldovalı Nikolae Foçanı ippona salan Kəramət 1/8 finala çıxıb. Onun növbəti rəqibi Yaponiya təmsilçisi Ryuji Nagayama olub. Adlı-sanlı rəqibi ilə dueldən qalib ayrılan Hüseynov növbəti mərhələyə çıxıb. Təəssüf ki, idmançımız yarımfinala gedən yolda uğurun ardını gətirə bilməyib. O, Fransa təmsilçisi ilə görüşdə üstünlük qazanmasına baxmayaraq, cərimə xalları ilə uduzub. Mübarizəni təsəlliverici mərhələdə davam etdirən Hüseynov bürünc medal uğrunda ilk sınağında Monqolustan təmsilçisi ilə qarşılaşıb və qələbə qazanıb. Ardından Qazaxıstan təmsilçisi Şəmsəddin Magzhanı məğlub edən cüdoçumuz bürünc medala sahib çıxıb. 

 

Bu çəkidəki digər təmsilçimiz Davud Məmmədsoy isə yarışa uğursuz başlayıb. O, fransalı Romarik Vend-Yam Buda (Fransa) ilə görüşdə ippona düşərək, mübarizəni dayandırıb.

 

Qadınlar
48 kq

Mübarizəyə 1/16 finalda başlayan Leyla Əliyeva ilk görüşündəcə məğlub olub. O, rusiyalı Sabina Gilyazova ilə bacarmayıb. Aişə Qurbanlı da 1/16 final mərhələsində uğursuzluğa düçar olub. Belə ki, ispaniyalı Julia Fiqueroa idmançımız üzərində təmiz qələbə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti