“Ümid edirəm ki, finalda Türkiyə ilə yenidən qarşılaşarıq. Türkiyə millisi gəncdir amma fantastik oyunçulara sahibdir. Qələbə qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu oynamalıyıq”.
Bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu gün “Avro-2020”nin açılış matçında Türkiyə ilə keçiriləcək görüş haqqında danışarkən deyib.
O, təşkil edilən mətbuat konfransında Türkiyə millisi haqda müsbət fikirlər səsləndirib. Mançini rəqibin kapitanı Burak Yılmazı xüsusi fərqləndirib.
Mançini uzun müddətdən sonra azarkeşlər önündə futbol oynamağın gözəl hiss olduğunu deyib: “Azarkeşlər nə qədər çox olsa, o qədər xoşbəxt olarıq. 16 min azarkeş az deyil. Azarkeşlər önündə oynamaq çox gözəl duyğudur”.
Qeyd edək ki, bu gün Romada keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.