“Bu turnirin açılış matçında oynamaqdan qürur duyuruq. Qrupumuz çətindir. Hər komandanın fərqli xüsusiyyətləri var. Ən gənc heyətlə turnirə qatılan komandamızı təbrik edirəm”.
Bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Avro-2020”nin açılış matçında bu gün İtaliya ilə qarşılaşacaqları görüş haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis təşkil edilən mətbuat konfransında İtaliya ilə matçdan və komandasının turnirdəki hədəfindən söz açıb: “Niderlandda İtaliyaya məğlub olduq. Heç vaxt qalib gəlmədiyimiz rəqiblər var. İlk qələbəni dadmaq bizim üçün şərəf olacaq. Mançini Türkiyəni yaxşı tanıyır, “Qalatasaray”da çalışıb. Turnirə favorit kimi gəlməmişik, ancaq favoritlər sırasında ola bilərik.
Çətinliklərimiz də var, üstünlüklərimiz də. Rəqibin gücünü bilirik. Təcrübəli oyunçuları var. Çox güclüdürlər. İtaliyanın dünya arenasındakı yerini bilirik. Onlarda bir futbol mədəniyyəti var. Biz də futbolu sevirik. Texniki və taktiki olaraq sabahkı matç çətin olacaq. Matç bitəndə qazandığımız xalların sevincini yaşamaq istəyirəm.
Bu, mənim üçün, komandam və ölkəm üçün vacib bir oyundur. Hər kəs üçün vacibdir. İtaliyanın qalib gəldiyi qarşılaşmalara baxanda nə qədər intizamlı olduqlarını görürük. Diqqətimizi bir anlığa itirəndə rəqib bundan istifadə edə bilər. Futbolumuzla iz buraxmaq istəyirik. Bu turnirdə əvvəllər etmədiyimizi etməliyik”.
Şenol Günəş çempionatda iki oyunlarını Bakıda keçirmələrinin onlar üçün hansı üstünlük olacağından danışmağa artıq gərək olmadığını qeyd edib: “Azərbaycan haqqında danışmağa ehtiyac yoxdur. Orada ev sahibiyik. İndi səfərdə olduğumuzu hiss edirik. Azərbaycana gedəndə isə qarşılaşdığımız komandalar özlərini rəqib meydanında hiss edəcəklər. Əsas hədəfimiz qrupdan çıxmaqdır”.
Qeyd edək ki, bu gün Romada keçiriləcək Türkiyə - İtaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.