Millimizin baş məşqçisi Canni de Byazi Avro-2020-dəki favoritlərini açıqlayıb.
İtaliyalı mütəxəssis turnirin qrup mərhələsinin ilk turunun oyunlarını dəyərləndirərkən bu barədə bildirib: "İngiltərə, İtaliya, Fransa və Belçika dörd favoritim arasındadır. İngiltərənin Xorvatiyaya qarşı oyunu (1:0) olduqca darıxdırıcı idi. Ancaq İngiltərə qələbəyə layiq idi".
O, Rusiya ilə matçda (3:0) dubla imza atan Belçika yığmasının üzvü Lukakunun fiziki cəhətdən dayandırıla bilməyəcək dərəcədə fövqəladə bir oyunçu olduğunu söyləyib.
Byazi İtaliya millisinin Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi görüş haqda da danışıb: "İtaliya məhdudiyyətlər qoymamalı və hesablamalar aparmamalıdır. İtaliya çox gözəl oynayır və topa sahib olur. Ancaq məqsəd tək bu deyil. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır".