“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.
Sportarena.az Bakı təmsilçisinin saytına istinadən xəbər verir ki, klub prezidenti Roman Pipiya, baş məşqçi əvvəllər Bakı “İnter”ini çalışdırmış Kaxaber Tsxadadzedir. Paytaxt təmsilçisi ev oyunlarını 55000 tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirir.
“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub.
“Dinamo” Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə Superkubokun qalibi olub. Tbilisililər 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıblar. Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.
“Dinamo”nun heyətində gürcü futbolçularla yanaşı, Fransa, İspaniya, Hollandiya, Serbiya, Slovakiya və Qvineyadan olan legionerlər yer alır.