"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni 7:0 hesabı ilə məğlub etdikəri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Yoxlama matçında böyükhesablı qələbə qazandınız. Komandanın hazırlığını necə dəyərləndirirsiniz?
- Hesabdan çox oyun məni maraqlandırırdı. Bu gün bəlkə də komandanı düşündüyümüzdən daha yaxşı gördüm. 10 gün ərzində çoxlu fiziki məşq etmişik. Bu gün meydanda daha sərbəst və rahat komanda gördüm. Oyunçuların motivasiyası da məni razı saldı. Həddindən artıq diqqətli idilər. Kiçik problemlərimiz var. Onları da yaxın zamanda həll edəcəyik.
- Yeni transfer Kadi Yuri Borqes Malinovskinin oyunu necə təsir bağışladı?
- Normal təsir bağışladı. Topla oynamağı sevən futbolçudur. Hiss olunur ki, daha çox top axtarırdı. Daha çox bu xüsusiyyətinə görə onu komandamıza dəvət etmişik. Texniki səhvləri ola bilər. Amma ümumiyyətlə bizim oyuna uyğunlaşması, daim top axtarması, hücumda daha çox iştirak etməsi məni razı saldı. Futbolçu hələ optimal formasından uzaqdır. Amma hər halda gözlədiyimdən daha tez komandaya uyğunlaşacaq.
- Bu futbolçunu neçə müddət izlədikdən sonra transfer etməyi qərara aldınız?
- Çox izlədiyimi deyə bilmərəm. Az müddət ola bilər. Tez bir zamanda qərar verdik və istədik ki, transer həll olunsun. Bu şansdan maksimum yararlandıq.
- Transferlərin ardı gələcək: Heyətdə yeni legioner hücumçu olacaqmı?
- Mütləq olacaq. Son vaxtlar bütün işlərimiz daha çox transferlər üzərində gedir. 4-5 variantımız var. Hər birinin özü, agenti və klubu ilə danışıq aparırıq. Sadəcə, bizdən asılı olmayan məqamlar var ki, onları həll edə bilmirik. İstədiyimiz iki variant var ki, onların həll olunmasını daha çox istəyərdik. Amma olmasa, digərləri də pis variant deyil. 3 gün tez, 5 gün gec, amma yeni hücumçu transferimiz olacaq.
- Bədavi Hüseynov 6 aylıq sıradan çıxıb. Onu əvəz edə biləcək müdafiəçi axtarırsınız?
- Bir müdafiəçi axtarışındayıq. Sadəcə, iki mövqedən hansı daha tez və uyğun olsa, onu əldə etməyə çalışacağıq. Çünki biz Maksim Medvedevdən də mərkəz müdafiəçisi kimi istifadə edə bilirik. Bu səbəbdən, mütləq bir müdafiəçini komandamıza dəvət etmək niyyətindəyik.
- Hamı gözləyir ki, "Qarabağ" təcrübəsindən istifadə edərək, Konfrans Liqasının qrupuna düşə biləcək. Qrup mərhələsində iştirak real görünürmü və əsas məqsəd budurmu?
- Əlbəttə, məqsəd minimum qrup mərhələsinə düşməkdir. Mübarizə aparan komandalara baxsaq, çox fərqli kollektivlər görərik. Biz mərhələ keçdikcə ola bilər ki, qarşımıza Çempionlar Liqasında oynayanların səviyyəsində rəqib çıxsın. Bu turnirdə iştirak edən ölkələrin sayı da daha çoxdur. Hər turnirdə çalışmışıq ki, maksimum daha yaxşısını edək. İndi də qarşımıza belə məqsəd qoyacağıq. Amma ilk rəqibdən hiss olunur ki, qarşımızda ciddi iş dayanıb. Bu mərhələdə uduzsaq, turniri tərk edəcəyik. Çempionlar Liqasında isə bir raundda qələbə qazansan, digərində uduzsan, Avropa Liqasında mübarizə aparacaqdın. Konfrans Liqasının qrupuna düşmək istəyirik, amma qarşıda necə olacağını bilmirik.
- "Qarabağ" üçün İsrailin "Aşdod" klubunu arzuolunmaz rəqib hesab etmək olar?
- Arzuolunmaz deməzdim, amma ciddi rəqibdir. Son vaxtlar İsrail çempionatına maraq həddindən artıq çoxdur. İsraildə klub futbolçu inkişaf edib. Lakin hər halda onların gücünü ilk oyundan sonra biləcəyik. "Aşdod" ciddi rəqibdir.
- Digər komandalarımızın avrokuboklarda şanslarını necə dəyərləndirirsiniz: "Neftçi" Çempionlar Liqasında Gürcüstanın "Dinamo" (Tfilisi) klubunu keçə bilərmi?
- Digər komandalar haqqında onların baş məşqçiləri məlumat verib. Mən o qədər də maraqlanmamışam. Hər birinə uğurlar arzulayıram. İstəyərdik ki, komandalarımız qalib gəlsinlər və reytinq xallarımızı yaxşılaşdırsınlar. Bu, ölkə futbolu üçün çox önəmlidir. Hər bir qələbə reytinqin qalxmasına təkan verir. Mən də istəyirəm ki, "Neftçi" qalib gəlsin. Qalan iş "Neftçi"nin öz üzərinə düşəcək.
- Musa Qurbanlının və digər gənclərin bugünkü oyunu haqqında nə deyə bilərsiniz?
- Gənclərdə də istəyirik ki, bacarıqlı futbolçular komandamızda yer alsın. Onlar mütləq istəkli olmalı və yaxşı performans göstərməlidirlər. Amma bu oyunlar nə məni, nə də gənc futbolçularımızı aldatmalıdır. Hazırlıq prosesində olan qarşılaşmalara ciddi yanaşıram, amma bir o qədər də önəm vermirəm. Çünki ola bilər ki, komandalardan kimsə toplanışa gec və ya tez başlasın. Komandaların hazırlıq səviyyəsi oyun günündə üst-üstə düşməyə bilər. Bu gün bizim fiziki durumumuz rəqibdən daha yaxşı idi. Toplanışa da tez başlamışıq. Bu, üstünlük ola bilər. Çox istərdim ki, gənclər daha yaxşı oynasınlar. Biz daim onlara şans verməyə çalışacağıq (Report).