"Kaxaberin futbolçusu olmuşam, nəyə qadir olduğunu bilirəm" - Samir Abasov

11:11 7 İyul 2021

"Uzun müddətdən sona “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək “Neftçi” ailəsi üçün qüruruvericidir və şərəfdir. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bu cür mötəbər turnirdə məşqçi kimi iştirak etmək fəxrdir".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah Tbilisi "Dinamos"u ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandada müəyyən çətinliklərin olduğunu, ancaq bunu bəhanə etmək istəmədiyini bildirib: "Elə futbolçularımız var ki, belə turnirlərdə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra hər şey yaddan çıxacaq, gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı təmsil edəcəyik. Nə qədər bu oyuna kimi problemlər yaşadıq, şişirdib danışmaq istəmirəm. Necə hazırlaşmışıq, bunu da sabah oyun göstərəcək. Rəqibin bizim üstümüzdə üstünlükləri var. Gürcüstanda çempionat davam edir, 17-ci tur gedir. Həm taktiki, həm fiziki baxımdan bizimlə müqayisədə tam hazırdılar. Yaxşı toplanış keçmişik, cəmi 3 oyun oynayıb, bura gəlirik. Onlardan biri fiziki hazırlıq, digər iki oyun isə “Dinamo” ilə matçı üçün idi. Bütün bunları kənara qoyacağıq, çalışacağıq ki, öz adımızı burada yaxşı təmsil edək. Sabahkı oyunun nə qdər gərgin keçəcəyi bizə məlumdur. “Dinamo” bizim kimi tarixi, köklü klubdur. Kaxaber Sxadadze gələndən sonra 5 oyunlarını izləmişik, hansı sxemdə, taktikada oynadıqları bizə bəllidir. Ancaq vizual baxmaq ayrıdır, komandanı canlı hiss etmək ayrı. Bunu futbolçular meydana çıxandan sonra hiss edəcəklər. “Dinamo” necə oynayacaq bizə də aydın deyil. Kaxaberi çox yaxşı tanıyıram. Onun işlədiyi komandalar nəyə qadirdir bilirəm, futbolçusu olmuşam. Bizi maraqlı oyun gözləyir, görək sabah necə olacaq".

 

S.Abasov sabahkı görüş üçün start heyəti müəyyənləşdirdiyini, ancaq açıqlamağa tələsmədiyini deib: "İndidən heyətə bağlı danışmaq düzgün deyil. Bir gün vaxt var. Deməzdim ki, qərar verməmişik. Beynimizdə 90-95 faiz heyət bəllidir. Sadəcə, tələsməməyimizi istərdim. Əlimizdə olan futbolçulara, sistemə görə futbolçular yoxladıq. Çox yoxlama görüşü də keçirmədik. 17 tur oynamış rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, heyətdə yer alacaq oyunçular tam öz işini bilərək meydana çıxacaq".

 

43 yaşlı mütəxəssis "Kaxaber Sxadadzenin futbolçusu olmusuz. Onun iş təcrübəsindən faydalanmısınızmı?" sualını belə cavablandırıb: "Sırf Kaxanı kopyalayıb işlədiyimi  deməzdim. Nəinki Kaxaberdən, işlədiyim məşqçilərdən ən yaxşısını götürməyə çalışmışam ki, təcrübəmdə istifadə edim. Bunların içində Kaxa öndə gedənlərdəndir. Onun məşqçiliyinə hörmətim çoxdur. Burada danışdıqlarımızla, meydançada etdiklərimiz düz gəlməyə bilər. Amma inanıram ki, hamısı üst-üstə düşəcək".

 

S.Abasov oyuna həddindən artıq motivasiya olmağın da zərərli ola biləcəyini qeyd edib: "İnanıram ki, gərginliyi cilovlamaq çətin olmayacaq. Bütün məsuliyyətimizlə oyuna çıxırıq. Haranı təmsil etdiyimizi bilirik. Biri var çempionat, biri də var belə turnirdə "Neftçi" kimi çıxış edirsən. Rəqib də elə-belə komanda deyil. Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur. Fikrimizdən keçirməyək, olmasın. Gərgin deyəndə, bütün oyunçuların üzərindəki məsuliyyət nəzərdə tuturam.

 

Hər bir komandanın özünə görə problemləri var. Rəqib oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından şikayət edərəm. Yeni oyunçular komandaya gec qoşuldu. Hər komandanın bu oyuna görə problemləri var. Bunun üzərində dayanmayacağıq".
 

S.Abasov yeni transferin olacağını da əlavə edib: "Hələ ki, danışıq apardığımız oyunçular var, yollarını gözləyirik. Təəssüf ki, bu oyuna çatdırmadıq. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Bu cür turnirlər bir oyundan ibarət deyil, iki oyunun nəticəsinə göə ümumi fikrə gəlmək olar. Bəzən mediada bizi keyfiyyət baxımından müqayisə edirlər, bununla razılaşmıram. Biz özümüz komanda olaraq bu yolda getsək, səhv yola etmiş olarıq. Cavab görüşündə keyfiyyət yox, ortaya xarakter qoymalıyıq. Anlamalıyıq ki, haranı təmsil edirik. Mənim üçün də xarakter məsələsi önəmlidir, belə turnirlərdə əsasdır. Xarakteri ortaya qoyub oyunlardan baçı uca çıxmalıyıq". 


Digər xəbərlər

Xəbər xətti