Bu gün Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümünün püşkatması olub.
Püşkatmada Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, yeni sezonun püşkatması ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb:
"Bütün klublarımıza uğurlar arzulayıram. “Neftçi” və “Qarabağ”a avrokuboklardakı növbəti oyunlarda uğurlar arzulayıram. Bu, 30-cu, yubiley mövsümüdü. Bizim üçün o qədər də fərqi yoxdu, əsas odur ki, mövsüm maraqlı alınsın. Çempionatımız inkişaf edir. Əgər çempionat zəif olsaydı, “Qarabağ” Çempionlar Liqasında qruplarda oynamazdı. Liqa zəif olsaydı, çempionun adına son dəqiqədə aydınlıq gəlməzdi. Çempionatın səviyyəsində bir şey axtarmayın, özünüzdə günah axtarın. Əgər avrokuboklarda uğurlu çıxış etmək istəyirsinizsə, buna qışdan hazırlaşın. Transferləri vaxtında etmək lazımdı. Premyer Liqadakı bütün komandalara uğurlar arzulayıram. Yeni mövsümün əsasnəməsində dəyişikliklər var. Klublara onları öyrənməyi, kənara atmamağı tövsiyyə edirəm. 6+5 limiti qalır, üstəlik də gənc futbolçu məsələsi.
- Gələcəkdə komanda sayı artırılacaq?
- Bu haqda tez-tez məndən soruşurlar. Əgər sponsor vasa, çağırın gəlsin. Heç uzun müddətdir ki, bizim də sponsorumuz yoxdu. Püşkə az qalıb, gələn varsa, buyursun.
- Yeni mövsümdən azarkeşlər stadiona buraxılacaq?
- Çempionatın startına bir həftdə qalmış bu barədə müraciət edəcəyik. Günü-gündən koronavirusa yoluxanların sayı artır. Əgər problem olmasa, yəqin ki, icazə verəcəklər.
- Turun oyunları daha çox həftənin sonlarında keçirilir və belədə, karantinə görə ictimai nəqliyyat işləmir. Jurnalistlər oyuna necə gedib-gələcək?
- Mənə elə gəlir ki, klub rəhbərlikləri sizin əziyyətinizə qiymət verir. Əgər nəsə olmasa, biz kömək edəcəyik.
- Bütün klublara məsləhətiniz nədir?
- Təkrar edirəm ki, onlar avrokuboklara əvvəlcədən hazırlaşmalıdı. Bir həftə qalmış oyunçu axtarmamalıdırlar. Hətta buna görə də bizi günahlandırırlar. Bizim vəzifəmiz ədalətli çempionat keçirməkdi, bundan isə heç kimin şübhəsi olmasın. PFL yarandığı gündən heç bir komandaya qarşı haqsızlıq etməyib. Ümid edirəm ki, “Neftçi” və “Qarabağ” avrokuboklarda qruplara qalacaq.