Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının 8-ci turniri - “Chessable Masters"in 1/4 final oyunları keçiriləcək.
Şəhriyar Məmmədyarov 1/4 finalda ermənistanlı Levon Aronyanla qarşılaşacaq. Digər qarşılaşmalarda ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə üz-üzə gələcəklər.
1/4 final iki gün ərzində oynanılacaq iki matçdan ibarətdir.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.