Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib.
Medal ümidlərimiz qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev, eyni zamanda gimnast Zöhrə Ağamirova görüşlərinə çıxıblar.
Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib. Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəldiyindən Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.
65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşıb və qalib gələrək (12:5) finala çıxıb.
75 kq-dakı Rafael Ağayev B qrupunda ardıcıl olaraq almaniyalı Noa Biç, avstraliyalı Çuneari Yahiro və qazaxıstanlı Nurkanat Ajiqanov üzərində qələbə qazanan 5 qat dünya və 11 qat Avropa çempionu son görüşdə italiyalı Luici Busa uduzsa da, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə macarıstanlı Qabor Karoli Harspatakiyə qalib gələn karateçi finalda Busa ilə münasibətlərinə aydınlıq gətirib. Qrupdakı görüşdə Busaya uduzan Ağayev bu dəfə rəqibi ilə bacarmayıb.
Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova isə halqa ilə çıxışda 23,000 xalla 16-cı, topla 23,400 xalla 17-ci, lentlə 19,900 xalla 15-ci, gürzlə isə 21,500 xalla 21-ci yeri tutub. 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı 18-ci yeri tutub və finala adlaya bilməyib.
Beləliklə, Azərbaycanın 35 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan 4-ü medal qazanıb, biri isə ən azı gümüş medalı təmin edib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc
Boks: Alfonso Dominges (81 kq) - bürünc
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc
Karate: Rafael Ağayev (75 kq) - gümüş
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Atıcılıq: Ruslan Lunyov
Atletika: Nazim Babayev (üç təkanla tullanma)
Karate: Firdovsi Fərzəliyev (67 kq)
Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)
Qadın güləşi: Elis Manolova (68 kq)
Sərbəst güləş: Turan Bayramov (74 kq)
Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova
Gözləyənlər
Sərbəst güləş: Hacı Əliyev (65 kq) - final, Şərif Şərifov (97 kq) - təsəlliverici görüş
Qadın güləşi: Mariya Stadnik (50 kq) - bürünc medal görüşü
Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina
Karate: İrina Zaretska (+61 kq).