"Qarabağ" Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımdan razı qaldım. Çoxlu qol imkanlarımız oldu. Meydanın hər qarışı uğrunda yaxşı mübarizə aparan bir komandaya qarşı oynadıq. İlk oyun və 1 xal. Bütün oyunlara belə motivasiya ilə çıxsaq, qarşıda yaxşı nəticələr əldə edəcəyik. Azarkeşlərin varlığı futbolçularda əlavə istək yaradırdı.
- Bəhlul Mustafazadənin çıxışını necə dəyərləndirirsiz?
- Penalti epizodu xırda detallardır. Bəhlulun sona qədər oynaması bizim üçün risk idi. Qısa zamandır ki, bizimlədir. Bəhlulun üstün cəhətləri var və bunları gördüm. Çatışmayan cəhətlərini aradan qaldırmağa çalışacaq. Ona böyük ümidlərim var. Ondan tələblərim çox olacaq. Getdikcə daha yaxşı olacağına ümid edirəm.
- Konfrans Liqasındakı rəqibiniz “Aberdin” haqda nə düşünürsüz?
- Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, daha çox güc sərf etməli olacağıq. Rəqibin təcrübəli futbolçuları var. Meydanda daha çox düşünmək və güc sərf etmək lazım olacaq.
- “Aberdin”in baş məşqçisi mərhələ adlamağa yaxın olduqlarını deyib. Bu, nədən irəli gəlir?
- Belə açıqlamanın olması normaldır. Hər məşqçi öz komandasına fərqli tərzdə motivasiya verir.
- Hücumçu məsələsi nə zaman həll olunacaq?
- Bu söhbət çox böyüyüb. Mən bu kluba gələndən bu haqda söhbətlər gedir. İstəyirəm ki, oyunçularımın sayı çox olsun, daha yaxşı çempionatlardan oyunçu gətirək. Ancaq çətindir. Tək hücuma deyil, bir neçə mövqe üçün axtarışlarımız davam edir. Bu mövzu haqda o qədər danışılıb ki, artıq futbolçuların da üzərində təzyiq yaranır. Mən bütün futbolçularımdan razıyam. Əlimdə olan heyətlə həm çempionluğa oynamaq, həm də Konfrans Liqasında qrup mərhələsinə qalmaq gücündəyik. Transfer pəncərəsi bağlanana qədər dəyişikliklər etməyə çalışacağıq.
- Ramil Şeydayevi nə üçün yenidən komandaya gətirdiz?
- Ramil hazırda azərbaycanlı futbolçular arasında ən yaxşılardandır. Ramil ilk dəfə bu kluba gələndə həmin mövqe üçün daha güclü futbolçular var idi və onun yaşı az idi. Onun potensialı var. Bir futbolçunu inkişaf elətdirmək imkanımız varsa, bunun üçün çalışırıq. Legioner futbolçu ilə yerli arasında cüzi fərq varsa, mənim seçimim yerli futbolçudan yana olacaq. Hər komandada 4-5 yerli futbolçu var. Mənim nə qədər imkanım var yerli futbolçulara şans verəcəm. Ramili öz istəyimlə komandaya cəlb etmişəm. Onda perspektiv görürəm. Futbol sadəcə 11 nəfərdən ibarət deyil. AEL-in 21 legioneri var idi. Mən yerli futbolçularımı qoruyub-saxlayacam. Mənim istəmədiyim futbolçu komandamda olmur. Ramilin üstün cəhətləri var. Hər fikirə hörmətlə yanaşıram. Bizim daxildə nə düşündüyümüzü bilmirsiz. Biz “Qarabağ”ıq, biz Avropaya çıxanda heyətimizdə 4-5 yerli futbolçu olmalıdır.
- Britaniya klublarına qarşı “Qarabağ” hər zaman fiziki oyunda uduzub. Bunu dəyişmək üçün nə edəcəksiz?
- Bəli, onlar atletik futbol oynayırlar. “Aberdin” hər komandaya qarşı fərqli oyun üslubunda oynayır. Məni narahat edən budur. Hər məşqdə çalışırıq ki, rəqibin bütün sistemlərinə hazırlıqlı olaq. Standard vəziyyətlərdə təhlükəlidirlər. Qalib gəlmək üçün ən yaxşı oyunumuzu oynamalıyıq.