“Qarabağ” möhtəşəm transfer etməyə hazırlaşır.
Ağdam klubu Bundesliqa klubu "Ausburq"un hücumçusu Florian Niderlexnerə (Florian Niederlechner) görə almanlarla danışıq aparır. Baxmayaraq ki, 30 yaşlı forvardın bazar dəyəri 4 milyon avrodur.
İddia olunur ki, rəhbərlik və Qurban Qurbanov bu transferin baş tutmasını çox istəyir, amma müəyyən nüanslar problem yaradır. Futbolçunun klubunun bu transfer üçün nə az, nə çox - 1 milyon avro istədiyi bildirilir. Deyilənə görə, "Qarabağ" "Ausburq"a bu məbləği ödəməyə razıdır, ancaq futbolçu da 1 milyon maaş istəyir və bu da transferi çətinləşdirir.
"Qarabağ"ın meneceri Asif Əsgərovun artıq Almaniyada olduğu və ilkin danışıqlar apardığı bildirilir. “Aberdin”lə oyundan sonra o, yenidən Almaniyaya yollanacaq.
Qeyd edək ki, "Qarabağ" ötən ay Avstriya toplanışı çərçivəsində "Ausburq"la yoxlama oyunu keçirib və 2:2 başa çatan görüşdə Almaniya klubunun sonuncu qolunun müəllifi məhz Adrian olub.
Məlumatı "Qarabağ"ın mətbuat xidməti təkzib etdi. (fanat.az)