Bu gün ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Son illər ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər də bunun əyani sübutudur.
"Neftçi İdman Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirən öncül təşkilatlardandır. Klubumuz peşəkar idmançıların yetişdirilməsi yolunda bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir. Atletlərimiz mütəmadi olaraq beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edir, himnimizi səsləndirir və üçrəngli bayrağımızı göylərə ucaldırlar.
Bugünlərdə Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXVII Yay Olimpiya Oyunlarında da idmançılarımız uğurlu çıxışlarını davam etdirdilər. Belə ki, Azərbaycan idmançılarının bu mötəbər yarışa qazandığı 44 lisenziyadan 12-si "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Klubumuz Tokio Olimpiadasında 6 cüdoçu, 3 güləşçi, 1 atlet, 1 güllə atıcısı və 1 velosipedçi ilə təmsil olunmuşdu.
Qürurverici haldır ki, ölkəmizin Tokio-2020-də əldə etdiyi 7 medaldan (3 gümüş, 4 bürünc) 2-si "Neftçi İdman Klubu”nun yetirmələrinin payına düşür.
Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Yaponiyada gümüş medala sahib oldu. Mötəbər beynəlxalq turnirlərdə daim ölkəmizin idman şərəfini layiqincə qoruyan Hacı Əliyev üçqat dünya və üçqat Avropa çempionudur. O, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medal qazanan güləşçimiz, 2019-cu ildə Minskdə təşkil olunan sözügedən turnirdə qızıl medala sahib olub. Bundan əlavə, Hacı Əliyev 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olub. Klubumuzun yetirməsi güləş üzrə dünya kuboku yarışlarında bir gümüş, iki bürünc medala yiyələnib.
Cüdoçumuz İrina Kindzerska (+78 kq) isə Olimpiadanın bürünc medalına layiq görüldü. Qadın cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Həmin il o, Budapeştdə keçirilən dünya çempionatını üçüncü pillədə başa vurub. İrina Kindzerska 2019-cu ildə Minskin ev sahibliyi etdiyi II Avropa Oyunlarında üçüncü yeri tutub. Bir il sonra Praqada keçirilən Avropa birinciliyində gümüş medal qazanıb.
Avqustun 24-də isə Tokioda XVI Yay Paralimpiya Oyunlarına start veriləcək. Respublikamız Tokio Paralimpiadasına 6 idman növündə 47 kateqoriya üzrə 36 lisenziya qazanıb ki, onlardan da 21-ni klubumuzun təmsilçiləri əldə ediblər. Sentyabrın 5-dək davam edəcək nüfuzlu yarışda "Neftçi İdman Klubu”nun yetirmələri 10 cüdoçu, 6 atlet, 3 taekvondoçu və 2 güllə atıcısı ilə təmsil olunacaqlar. İnanırıq ki, paralimpiyaçılarımız da mübarizələrdə böyük əzmkarlıq nümayiş etdirəcək və Yaponiyadan medallarla dönərək bizləri sevindirəcəklər.