"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şotlandiyanın "Aberdin" klubunu 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbnov jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik etmək istəyirəm. Dünən demişdim ki, yaxşı mübarizə aparmağa çalışacağıq. Oyunu meydanın rəqibə aid olan hissəsində qurmağa çalışırdıq. Cütün taleyi cavab oyununa qaldı. Səfərdə daha çox güc sərf etməli, daha diqqətli olmalıyıq".
- Kənardan sanki narazı görünürdüz. Bu nə ilə bağlı idi?
- Nazarı deməzdim. Sadəcə bir az aqressiv idim. Oyunda səbr çox vacibdir. Oyunçuları daha diqqətli olmağa çağırırdım.
- Səfər matçında iki aparıcı oyunçunuz olmayacaq. Bu sizə mane olmayacaq?
- İnşallah, oyunumuzu buna uyğun qurmağa çalışacağıq.
- Meydan amili kimə daha çox təsir etdi?
- Nəsə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı da xoşlayır. Meydança hər iki komandaya maneçilik törətdi. Səfərdə də meydançanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Oyunumuzu stadiona uyğun qurmuşduq. Şotlandiyada da bu cür edəcəyik.
- Qrupa düşsəz, başqa stadion sifariş vermək ehtimalı var?
- Hər il bu vaxtlar belə problem olur. Qrupa düşsək, qrup oyunlarına kimi fasilə olacaq. O vaxta kimi meydan daha yaxşı hala gələ bilər. Əgər belə problem həmin vaxt olsa, stadionu dəyişə bilərik.
- Yeni hücumçunun gəlməsi Ramil Şeydayevin oyununa necə təsir edəcək?
- Məncə yaxşı təsir edəcək. Təkcə Şeydayevə yox, digər oyunçulara da yaxşı təsir edəcək. Yaxşı futbolçulara hər zaman ehtiyacımız var.