Bu gün Tokio 2020 Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Yaponiya Milli Olimpiya Stadionunda baş tutacaq tədbir Bakı vaxtı ilə 15:00-da start götürəcək. Mərasimdə Azərbaycan nümayəndə heyətinin bayraqdarı Pekin 2008 Yay Paralimpiya Oyunlarının atletika üzrə qalibi Oloxan Musayev olacaq.
16-cı Paralimpiadada dünyanın 163 ölkəsindən 4500-dən çox idmançı iştirak edəcək. Onlar 22 idman növü üzrə 539 dəst medal uğrunda mübarizə aparacaq.
Azərbaycan Milli Paralimpiya komandası yarışlara rekord sayda - 35 idmançı ilə qatılılıb. Təmsilçilərimiz 6 növ üzrə ümumilikdə 46 kateqoriyada yarışacaq.
İdmançılarımızın 12-si atletika, 10-u cüdo, 4-ü taekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı növündə çıxış edir.
17 yaşlı üzgüçü Dana Şandıbina ən gənc, 59 yaşlı güllə atıcısı Yelena Taranova ən yaşlı idmançımızdır. Sidney 2000-in gümüş, Afina 2004-ün bürünc mükafatçısı Taranova ümumilikdə altıncı dəfə Paralimpiya Oyunlarında iştirak edəcək
Ən titullu təmsilçimiz isə cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu, Bakı 2015 I Avropa Oyunlarının qalibi İlham Zəkiyevdir.
Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək qatıldığı 6 Yay Paralimpiya Oyunlarında üst-üstə 38 medal qazanıb. Bunlardan 9-u qızıl əyarlıdır. Millimizin ən yaxşı nəticəsi London 2012-də qeydə alınıb. Paralimpiyaçılarımız həmin yarışı 4 qızıl, 5 gümüş, 3 bürünc medalla başa vurublar.