Dünya üçüncüsü olan güləş millimiz vətənə qayıtdı - VİDEO

12:22 24 Avqust 2021

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında bir qızıl, bir gümüş və iki bürünc medal qazanan komandamız 101 xalla dünyanın ən güclü 3-cü komandası ünvanına sahib çıxıb.
 
Heydər Əliyev adına Beynəlxalq Aeroportda güləşçilərimizin qarşılanma mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yığmamızın çıxışı və növbəti haqqında bunları deyib:
 
"Mən ilk olaraq dünya çempionu olan Həsrət Cəfərovu, digər medalçılarımızı, məşqçilər korpusunu və federasiyamızı təbrik edirəm. Hesab edirəm ki, bu, çox böyük uğurdur. İnanıram ki, bu uğurun davamı gələcək. Qarşıda bizi MDB Oyunları, böyüklərin dünya çempionatı və U-23 dünya çempionatı gözləyir. Bu gənclərin bir neçəsi həmin yarışlarda ölkəmizi təmsil edə bilər. Yığma komandaların təlim-məşq toplanışları federasiyanın daim diqqət mərkəzindədir. Artıq bu gündən hər bir idmançı Paris-2024 Olimpiadasına hazırlıqlara başlamalıdır. İnanıram ki, bu gənclər həmin Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Şəxsi məşqçiləri və yığma komandanın məşqçilərini təbrik edirəm ki, komandanı ən yaxşı formada hazırlaşdırıblar. Bu qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirik. Çalışacağıq ki, bundan sonra da ölkəmizin şərəfini layiqincə qoruyaq.
 
Daha sonra gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb:
 
"Dünya çempionatı çox yüksək səviyyədə keçirildi. Güclü rəqiblərimiz var idi. Ancaq biz yarışa çox yaxşı hazırlaşmışdıq. Buna görə də federasiyamıza, Milli Olimpiya Komitəsinə, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Yüksək səviyyədə hazırlığın bəhrəsini belə mötəbər yarışda gördük. Dünya çempionatına 9 idmançıyla yollandıq. Əlbəttə, bundan da yaxşı nəticə qazana bilərdik. Bəzi görüşlərdə fərdi səhvlər, bəzilərində isə hakimlərin səhvi sözünü dedi. Bunların üzərində işləyəcəyik. Dörd medal qazandıq və komanda hesabında 3-cü yeri tutduq. Bu, çox böyük nəticədir. Hər kəsi təbrik edirəm".
 
Sonda dünya çempionu olan Həsrət Cəfərov yarışdakı çıxışı haqqında danışıb:
 
"Şükürlər olsun ki, dünya çempionu ola bildim. Ağır görüşlərimiz oldu. Komanda hesabında 3-cü yeri tutduq. Üzərimdə əziyyəti olan bütün məşqçilərə təşəkkürümü bildirirəm. Təbii ki, finalda erməni güləşçiylə qarşılaşanda fərqli hisslər keçirirdim. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Əvvəlcə MDB Oyunlarında bu nəticəni təkrarlamaq istəyirəm. Daha sonra isə böyüklərin dünya çempionu olmağı hədəfləyirəm".
 
Xatırladaq ki, dünya çempionatında Həsrət Cəfərov (67 kq) qızıl, Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Komandamız 101 xalla dünya 3-cüsü olub.
 
 


Digər xəbərlər

Xəbər xətti