Qurban Qurbanov: "Favorit haqda danışmaq doğru olmaz, hər 2 komandanın şansı var"

22:45 25 Avqust 2021

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"ə qarşı keçiriləcək cavab görüşündən öncə mətbuat konfransında iştirak edib.

Ağdam klubunun çalışdırıcısı yerli jurnalistlərin suallarını cavablandırıb. Bundan əvvəl isə o, sabahkı matçla bağlı fikirlərini bildirib: "Çox vacib oyun olacaq. Neçə turdu ağır yol qət etmişik, sabahkı oyunda bir komanda dayanmalıdı. Komandam bu oyuna tam hazırdı. “Aberdin”i çox istəkli görürük. Sabah azarkeşlər minimum, hər 2 komandanın oyunundan zövq alacaqlar. 

- “Aberdin”lə Bakıdakı oyundan sonra rəqib haqda nələr öyrənmisiniz?
- Klub haqda məlumatımız var, çoxdu. Sadəcə hər bir oyunçunun potensialını daha yaxından öyrəndik, onları daha yaxından tanıdıq. Çox istəkli komandaya, istəkli futbolçulara qarşı oynayacağıq. Həmişə belə komandalara qarşı oynamağın öz komandam üçün faydalı olduğunu hesab etmişəm. "Aberdin"ə qarşı sırf yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki göstəriciləri yaxşı olan futbolçuları var. Əslində çox şey demək olar. Sadəcə düşünürəm ki, hələ ki, bu gün bunlar bəs edər. 

- “Aberdin”in heyətindəki təhlükəli oyunçular haqda fikriniz necədi?
- Mən tək-tək futbolçular haqda heç vaxt fikir bildirməmişəm. Ki, hansı oyunçu təhlükəlidi. Komanda olaraq onların təhlükəli olduğunu bilirəm. Bakıdakı oyunda da öz fikirlərimi bildirmişdim ki, “Aberdin”in özünəməxsus oyun üslubu var. Həmin oyun üslubunda futbolçular işlərini düzgün yerinə yetirə bilirlər. Çox da bacarıqlı baş məşqçiləri var. Buna görə də sabahkı oyunda həm ayrı-ayrılıqda yaxşı futbolçulara, həm də yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq. 

- Şotlandiya səfərindəsiniz. Saat və hava fərqi komandaya nə qədər təsir edəcək?
- Bu barədə heç düşünmürük. Bunu nəzərə alıb, 2 gün əvvəl gəlmişik bura. Dünən axşadamdan buradayıq. İlk dəfə deyil. Bu haqda düşünmürük. Bütün fikrimiz oyuna tam hazır olmaqdı. 

- “Seltik”lə oyundakı təcrübənizdən sabahkı matçda nə dərəcədə istifadə edəcəksiniz?
- “Seltik” oyunu çox keçmişdə qalıb. Özü də tam fərqli komandalardı. Biz də tam fərqli heyətə malikik. Son illərdəki təcrübəmizin bizə bu cür oyunlarda faydası olur. Qarşımızdakı rəqib də qrup mərhələsinə düşməyi istəyən komandadı. Sabah təcrübə ilə bərabər meydanda, yaxşı xarakterli futbolçuların daha önəmli olacaq. 

- Bakıdakı oyunda zədələnən Endi Konsidaynın zədələnməsi haqda fikriniz necədi?
- Hər zədələnən futbolçuya görə çox üzülürəm. Fərqi yoxdu, bizim oyunçudu, yoxsa rəqibin. Sadəcə üzüldüyümü bildirə bilərəm. Endiyə sağlamlıq və gələcək karyerasında uğurlar arzulayıram. 

- Sabahkı matçda hansı tərəf favoritdi?
- Favorit haqda danışmaq doğru olmazdı. Məncə, hər iki komandanın şansı var.

- Sizin komandanın daha çox pasla oynamağı sevən komandanız olduğunu bilirik. Meydança sizə kömək olacaq?
- Futbol pas oyunudu. Hər bir komanda bunu bacarmalıdı. Bunu da bacarmaq üçün yaxşı meydança olmalıdı. Ümumiyyətlə, buradakı stadion, meydança, ab-hava məni qane etdi. Bu cür stadionda, bu cür meydanda oynamaq çox xoşdu. Bildiyim qədərilə sabah tribuna da azarkeşlərlə dolu olacaq. Sabah ən azından azarkeşlər futboldan zövq alacaqlar. Biz də düzgün, baxımlı futbol oynamağa çalışacağıq.

- Son illərdəki pley-off oyunlarından nələr öyrənmisiniz?
- Bir-bir deyə bilmərəm. Amma həmişə demişəm ki, hər dəfə bilirik desək də, bildiyimiz həddən-artıq azdı, nəinki bilmədiyimiz. Pley-off oyunlarından, digər matçlardan da çox təcrübə toplamışam. Daha artığını etmək istəyirəm, bu cür oyunlarda daha çox iştirak etmək istəyirəm. Ki, biliyim, savadım, təcrübəm daha da çoxalsın.


Digər xəbərlər

Xəbər xətti