"İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da təsir etdi. Bundan başqa, 3 nərəin oyundan qopmağı bizə belə problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək".
"Report" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, burada günahkar təkcə Samir Abasov və ya kimsə deyil: "Avrokuboklaradək olan hazırlıq dövrünü özünüz də görürsünüz. Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Özümüzü çempionatda sübut etməyilik".
Onun sözlərinə görə, belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir. Harramiz Soareş, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdi. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq".
Abasov komanda daxilində vəziyyətin yaxşı olduğunu bildirib: "Uduzsaq da, kollektivdə problem yoxdur. Düzdür, belə hesabla məğlubiyyət pis təsir edir. Amma futbolçular arasında heç bir gərginlik yoxdur. Ola bilər ki, meydanda bir-birilərini başa düşmürlər. Bu da onların keyfiyyətindən asılıdır. Nə qədər hazırlıqlı olsan da, oyunu dəyişmək üçün yaxşı heyətin olmalıdır. Biz dəyişiklikləri məcburiyyətdən edirik. Razıyam, "Neftçi" avrokuboklarda oynamaq üçün hazır deyildi. Məqsədlər mövsümün əvvəlində bəlli olmalıdır. Məsələn, "Qarabağ" bir neçə oyunçu gətirib. Hədəfləri bəllidir. Bizdə qırılma nöqtəsi məhz transferlərlə bağlı oldu. Hələ Finlandiya HİK-i ilə oyundan sonra belə nəticənin olacağı gözlənilirdi. Emin Mahmudovun bədənində su qalmayıb. Onu "ölü" vəziyyətdə meydana buraxırıq. Xalqımızı təmsil edirik, ona görə də məğlubiyyətə görə üzülürük".
Baş məşqçi heç vaxt təslim olmayacaqlarını deyib: "Vəziyyət acınacaqlı deyil. Sadəcə, heyət komplektləşməyib. Ayağa qalxmalıyıq. Özümüzü "Qarabağ"la müqayisə etməkdə məqsəd kiminsə işinə qarışmaq deyil. "Neftçi"nin hədəfi hər zaman çempionluqdur. İndiki məqamda bu uşaqlarla yolumuza davam edəcəyik".
Təcrübəli mütəxəssis Harramiz Soareşin sol cinahda oynamasının səbəbini də izah edib: "Yusuf Laval olmasaydı, Harramiz yüz faiz oynamayacaqdı. Desəm, heyət qurun, siz də baş sındıracaqsınız. Harramiz sürətli olduğu üçün sol cinahda çıxış edirdi. Təəssüf ki, oyundan qopan ilk futbolçulardan idi".