Milli komandamızın düşərgəsində vəziyyət yaxşı deyil. Baş məşqçi Canni de Byaziyə inamsızlıq özünü aşkar büruzə verir.
Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, italiyalı baş məşqçinin oyunçu seçimi, taktiki tələbləri, futbolçulara fərqli münasibəti, ayrıseçkilik etməsi ciddi narazılığa səbəb olub. Bu səbəbdən məğlubiyyətlə başa çatan Lüksemburqla oyundan sonra bəzi futbolçular AFFA rəhbərliyinə şikayət edib. Dar çərçivədə, məşqçinin iştirakı olmadan aparılan müzakirədə bir qrup oyunçu fikirlərini rəhbərliyə çatdırıb.
Amma AFFA rəhbərliyi hazırkı gərgin dönəmdə məşqçiyə ciddi irad bildirməyib. Sadəcə, futbolçular dinlənilib, onlara səbr etmələri tövsiyə olunub, problemlərin yoluna qoyulacağı vəd edilib.
Həm nəticəsizlik, həm də kollektivdaxili narazılıqlar üzündən millinin düşərgəsində ab-hava xoş deyil. Qarşıdakı oyunlarda xal qazanılmasa, ciddi dəyişikliklər qaçılmazdı. Çox güman, Portuqaliya ilə Bakıdakı matç de Byazinin millimizdəki taleyini də həll edəcək.