"Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam" - Şenol Güneş

13:44 8 Sentyabr 2021

"Bizim üçün həm oyun, həm də hesab cəhətdən çox çətin bir matç oldu. Oyunçular əllərindən gələni etdilər. Futbolçularımızın daha böyük uğurlar qazanmaq şansı var idi. Onlar istedadlıdırlar və xarakterləri güclüdür. Onlar hər cəhətdən nümunəvi oyunçulardır".

Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş ötən gün DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzduqları matç haqqında danışarkən deyib. O, məğlubiyyətin və qrupdakı uğursuzluğun məsuliyyətini öz üzərinə götürüb.


"Bu görüşdə istədiyimiz oyunu oynaya bilmədik. Səhv seçimlər edildi, bunu özüm üçün deyirəm. Qrupda 15-16 xal qazanmalı idik, amma hazırda 11 xalımız var. Dünya çempionatının finalına çıxmaq şansımız hələ də qalır. Düzdür, lider olmaq şansı Niderlanddadır. Amma biz də 2-ci ola bilərik. Yarışla bağlı böyük ümidlərimiz var idi. İnsanlar ümidləri və xəyalları üçün yaşayır. Biz də xoşbəxtliyi hər kəs ilə paylaşmaq istəyirdik. Mənimlə bağlı edilən tənqidləri hörmətlə qarşılayıram. Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Azarkeşlərin haqqımda dediklərinə və yazılanlara hörmətlə yanaşıram. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Oyunçuların səylərinə və yaxşı niyyətlərinə şübhəm yoxdur. Fanatların etiraz etməsi normaldır. Amma rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir". 


Digər xəbərlər

Xəbər xətti