Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.
Sportarena.az Naziriyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Daha sonra F.Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə onu məlumatlandırıb.
Qeyd edək ki, F.Qayıbov sentyabrın 13-ü AFFA-nın qərargahında olmuşdu.