Sənan Qurbanov: "Rəhbərlik desə, getməyə hazıram"

00:34 20 Sentyabr 2021

Azərbaycan Premyer Liqasında IV turun “Neftçi” – “Keşlə” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaqların baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Hər dəfə məğlub olandan sonra nəsə dnaışmaq çətindi. Mövsümə belə start gözləmirdik. Bəlkə də, məşqlər bizi aldatdı, transferlərdə bir az tələsdik. Daha yaxşı oyunçular götürə bilərdik. Omar və Neto nəinki gözləntiləri yerinə yetirmir, öz qapımıza qol vururlar. Bunda günah özümdədi. O pula daha yaxşılarını gətirmək olardı. Mənə çətindi. Getmək asandı. Hər dəfə nəyəsə inanmaq istəyirsən.

 

- İstefa məsələsi gündəmdədi?
- Təzyiq çoxdu. Kuboku təsadüfən qazandığımızı deyirlər. Baş məşqçinin içtirakı olmadan bu, necə baş verə bilər? Hər bir məşqçi məğlubiyyətdən sonra başa düşür ki, çemodan dolur, getməyə yaxınlaşırsan. Atmaca sözlər yazırlar. İndi nə desələr, haqları var. Rəhbərlik desə, getməyə hazıram. Ancaq hər bir insan nəyisə düzəltməyə daha çox çalışır. Təzminat söhbəti edən deyiləm. Bu gün deyirlər ki, başını aşağı sal, işini gör. Bəzi jurnalistlər elə bilir ki, burdan tutub yapışmışam. İstefa olacaqsa, rahatlıqla olacaq.

 

- Vəziyyətdən çıxış yolu nədi?
- Psixoloji problemdi. Çox gərginik. Məşqlərimizdə intensivlik yuxarıdı, artım görürəm. Uşaqlara demişdim ki, gərginlik lazım deyil. Ancaq məğlub oluruq. Məşqdə belə, futbolçu topu itirirsə, oyunda ondan nəsə gözləyə bilmərəm. Başlıca günahı özümdə görürəm. Avrokuboklara görə transferlərdə tələsdik. Çıxış yolu bəlkə də, mənim getməyimdi. Bəlkə də, əksi, dözmək lazımdı. Yalvarıb, dayanmaq fikrim yoxdu. Sona qədər mübarizə aparacağıq. Sadəcə, bəzi yazılar məni qıcıqlandırır. Daha peşəkar yanaşmaq lazımdı. Bunu hamıya aşılamıram. Lobanovskinin kitabında da var ki, jurnalistlər futbolun inkişafına təkandı. Mən də uduzuram, başqası da, ancaq ondan yox, məndən yazırlar. Bu fiaskoya görə birbaşa günahkar mənəm. Bunu rəhbərliyə də demişəm. Bir-birimizi tanıyırıq, təzminat söhbəti də etməyəcəm, əcnəbi məşqçilərdən deyilik.

 

- Şimali Makedoniya çempionatından gələn legioner nə qədər komandaya kömək edə bilərdi?
- Razıyam. Buna görə də özümü günahlandırıram. Avrokuboklarda gənclərlə oynasaq, bəlkə daha yaxşı olardı. Bəzi oyunçularla 2-3 min söhbəti oldu. Bu futbolçulara 5 min də çox veririk. Elementar şeyləri edə bilmirik. Futbolçu adi ötürməni edə bilməyəndə dəli oluram. Mən futbolçuya başqa istiqaməti göstərirəm, o rəqib oyunçuya ötürmə edir.

 

- Mövsümün əvvəlində komandada psixoloji gərginlik niyə olsun?
- "Sumqayıt"la oyunda qapıya 28 zərbə vurub, 0:2 uduzmuşuq. Bu da komandanı neqativ kökləyir. Səhvləri analiz edib futbolçulara deyəndə, psixoloji gərginliyə düşürlər. Bunu düzəltmək istəyirik. Bəlkə də heç nə deməməliyəm. Amma öz baxış bucağım var. Məşqdə hər şeyi göstərirəm futbolçulara. Hər məğlubiyyət psixoloji gərginlikdi. Bunları bəzən cəzalarla, bəzən pozitiv şeylərlə aradan qaldırmağa çalışırıq. Səbr edib, gözləməli, gərginliyi işlə aradan qaldırmalıyıq. Özüm özümü də çox yükləmişəm, daim araşdırıram. Pozitiv fikirləşməli, daha çox çalışmalıyıq.

 

- Vəziyyəti düzəltmək üçün sizə nə qədər vaxt lazımdı?
- Öz oyun fəlsəfəmdən əl çəkməyəcəm. Yeganə "Sumqayıt"la matçda yaxşı oynadıq. Bu gün futbolçular ideal formadadı. Sadəcə taktiki səhvlərimiz var. Bu gün birinci hissədə oyunumuz istədiyimiz kimi gedirdi. Biz rəqibi geridə qarşılamalıydıq, ancaq 3-cü zonada qarşıladıq və qol buraxdıq. Mən futbolçulara belə tapşırıq verməmişdim, harda dayanacaqlarını bilmirdilər. Taktiki düzgün oynamalıyıq. Topun önündə olmaq lazımdı.


Digər xəbərlər

Xəbər xətti