"Keşlə" şəhid azarkeşin xatirəsini yad etdi

Sportarena.az      27 Sentyabr 2021 , 16:51

Azərbaycan xalqı 27 Sentyabr Anım Gününü qeyd edir.

 

Sportarena.az xəbər verir ki, bu əlamətdar tarixi günlə əlaqədar ASK Arena stadionunda şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş dostluq görüşü keçirilib. Görüş "Keşlə"nin U-17 və U-19 komandaları arasında təşkil olundu. Oyundan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Xatırladaq ki, 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

 

Oyundan sonra keçirilən görüş iştirakçılarının mükafatlandırma mərasimində "Keşlə"nin İdarə Heyətinin sədr müavini Elşan Abasov klubun sadiq azarkeşi olmuş İsrayıl Cəfərzadənin əziz xatirəsinin ehtiramla yad olunduğunu və qəhrəman övlad böyütdüklərinə görə şəhidin valideynlərinə minnatdarlığını bildirdi.

 

Şəhidin atası Namiq Cəfərzadə övladının xatirəsinə göstərilən ehtirama görə "Keşlə" rəhbərliyinə və dostluq görüşündə iştirak edən komanda üzvlərinə təşəkkürünü bildirdi.

 

Sonda "Keşlə"nin məşqçi heyəti və üzvləri hər iki komandanın üzvlərinə fəxri diplom təqdim etdilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin