"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 2-ci turunda Kiprin "Omoniya" klubunun qonağı olacaq.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Son zamanlar bu ölkəyə çox gəlirik. Bu, mənim üçün xoşdur. Kiprdə hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" digərlərindən bir az fərqlidir. Bizim üçün bu gün meydanda daha çox düşünmək lazım olacaq. Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda ən yaxşısını etməyə çalışacağıq. "Omoniya"ya qarşı meydanda aktiv və diqqətli olmalı, rəqibi 90 dəqiqə nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayacağıq.
- APOEL-lə 4 dəfə, AEL-lə 2 dəfə qarşılaşmısız. Kipr futbolu haqda düşüncələriniz necədir?
- Kipr klublarının hər birində böyük xarakter var. Bayaq da qeyd etdiyim kimi biz həddən çox diqqətli və istəkli olmalıyıq. Kipr klubları ilə bəzi oyunlarda qalib gəldik, bəzi oyunlarda məğlub olduq. Azarkeşlər üçün həm burda, həm Bakıda maraqlı oyunlar oldu. Futbolçularım meydanda sonadək mübarizəni hiss etdilər. Nəticədən asılı olmayaraq Kipr klubları ilə oyunların futbolçularım üçün faydası çox olub.
- "Omoniya"nın güclü tərəfləri hansılardır? Nədən ehtiyat edirsiz?
- Güclü tərəflərini bir-bir sadalasam, bəlkə də düzgün çıxmaz. Amma ümumən bu komandanın öz oyun fəlsəfəsi var. Bütün oyun boyu bunu meydanda yerinə yetirmək istəyirlər. Bütün tapşırıqları yerinə yetirə biləcək bir komanda görürük. Kollektiv oyuna üstünlük verən bir komandaya qarşı oynayacağıq. Bu, ən təhlükəli tərəflərindən biridir. Ayrı-ayrılıqda da çox bacarıqlı futbolçuları var. "Omoniya"ya qalib gəlmək üçün daha çox hücumda oynamaq istəyirik. Rəqib fərqli sistemlərdə də oynayır. Ola bilər ki, bizim üçün sürpriz edib sistemi dəyişsinlər. "Kayrat"a qarşı oyun planında bir az dəyişiklik etmişdilər. Rəqibi xeyli təhlil etmişik. Bizim üçün ən vacibi futbolçuların meydanda diqqətli olmasıdı.