"Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər".
Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 2:0 hesabı ilə gəldikləri Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis çempionatın lider komandalarından birinə qarşı oynadıqlarını bildirib: "Oyunlarını gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım".
Qurbanov qələbədə ustalıq səviyyəsi həlledici ola biləcəyini istisna etməyib: "Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu".