Üç güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib

16:47 7 Oktyabr 2021

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Eldəniz Əzizli ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb və yarımfinala yüksəlib.

 

Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub. Ancaq 1/4 finalda iranlı rəqibinə uduzub.

 

Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb.

 

Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti