Sənan Süleymanov: “Qızıl medal qazansaydım, daha yaxşı olardı”

23:47 11 Oktyabr 2021

"Təxminən bir ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi".


Sportarena.az xəbər verir ki, bu fikirləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında gümüş medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.


Karyerasında ilk dəfə mundialda fərqlənən 77 kq çəki dərəcəsində çıxış edən idmançı müalicəsini davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdiyini xatırladıb: "Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu.

 

Əslində yarışa gələndə formada olmadığımı düşünürdüm. Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabıyla məğlub oldum. Nəsə çatmadı. Buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı.

 

Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.


Xəbər xətti