“Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində "Kayrat"la sabah Bakıda keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Qazaxıstan klubu ilə matçın çətin olacağını bildirib: “Kayrat” matça çox ciddi yanaşır. Onların “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. Yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm”.
Q.Qurbanov əlavə edib ki, "Kayrat"a qarşı düzgün müdafiə olunmaq lazmdır: “Müdafiə futbolu oynayırlar və əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq".
Qurban Qurbanov "Kayrat”ın baş məşqçisi Kurban Berdıyev haqda da danışıb: "Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm. Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.
Baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini də bölüşüb: "Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Digər tərəfdən sanki gözləyirlər ki, nə vaxt məğlub olacağıq? Hər halda aydan-aya, ildən-ilə böyüməliyik. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik".