Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar olaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Sportarena.az xəbər verir ki, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.
Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq.
Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.