"Komanda Ekstraklasada oynamaq istəyir. Bu layihə xoşuma gəldi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye Polşanın "Veçista" klubuna keçidi ilə bağlı sözügedən ölkənin mətbuatına açıqlamasında deyib.
O, "Qarabağ"a transfer olunduğu vaxtları da xatırladıb: "Alanyaspor"da çıxış edərkən "Qarabağ" mənimlə maraqlanırdı, amma Türkiyədən ayrılmaq istəmirdim. Bununla belə, klub məni Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək və Azərbaycan futbolunun tarixinə düşmək istədiklərinə inandırdı. Çünki tarix yazmağı xoşlayıram. "Veçista" Ekstraklasaya yüksəlsə, tarixi hadisə olardı".
Gerye yeni klubunda yüksək maaş almayacağını söylyib: "Burada Türkiyə və Azərbaycandakı kimi ayda on minlərlə avro maaş almasam da, müqaviləm etibarlıdır".
Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”də oynayıb.