Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, 1990-cı ildə SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanmış, “Neftçi”, “Turan”, “Qarabağ”, “Karvan”, “Şəfa”, “Olimpik-Şüvəlan”, “Terek” (Rusiya), “Anji” (Rusiya), “Fakel” (Rusiya), “Volın” (Ukrayna) və başqa klubların heyətində çıxış etmiş, Azərbaycan milli komandasında 75 oyun keçirmiş, 1999-cu ildən 2005-ci ilə qədər millimizin kapitanı olmuş Tərlan Əhmədovun bu gün 50 yaşı tamam olur.
Sportarena.az xəbər verir ki, əlamətdar yubiley münasibətilə bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Tərlan Əhmədovla görüşüb, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından onu təbrik edib, xoş arzularını çatdırıb.
Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.
Tərlan Əhmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.