Elxan Məmmədov: “Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq”

10:12 19 Noyabr 2021

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı Birinci Divizion təmsilçisi “Kəpəz”in Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.


Sportarena.az xəbər verir ki, o, Gəncə təmsilçisinin növbəti mövsümdən elitaya qayıtmasını istisna etməyib:


“Kəpəz”in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır. 2022/23 mövsümündən elitada 10 klubun iştirakını planlaşdırırıq. Ümid edirəm ki, “Kəpəz” də həmin komandaların arasında olacaq”.

 

Elxan Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib: “Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FİFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək”.

 

Vitse-prezidentin sözlərinə görə, akademiya ərazisində əlavə 2 meydança inşa ediləcək: “Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar”.

 

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan Məmmədov, arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti