Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, I Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.
"Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib.
Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, XIII turun oyunları 4 - 5 dekabrda gerçəkləşəcək.