Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında debüt edə bilər. Sözügedən komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu düşərgəyə yeni oyunçular cəlb etmək məcburiyyətində qalıb.
“Şalke” bu gün ikinci Bundesliqanın 16-cı turu çərçivəsində səfərdə “Sankt Pauli” ilə qarşılaşacaq. Lakin zədə və digər xəstəliklər ucbatından Mixael Langer, Salif Sane, Darko Çurlinov, Saymon Terodde, Marius Bülter, Florian Flik, Ralf Fermann, Yaroslav Mixaylov və Mark Jatkovski bu oyunda komandasına kömək edə bilməyəcək. Bu üzdən məşqçilər korpusu U-23-dən Dadaşovla yanaşı qapıçı Feliks Vinandı, həmçinin U-19-dan gənc hücumçu Keke Toppu əsas kollektivə cəlb edib.
Yeri gəlmişkən, “Şalke”ni “Sankt Pauli” ilə oyuna baş məşqçi Dimitrios Qrammozi çıxara bilməyəcək. Onun da koronavirus testi pozitiv çıxdığı üçün ev şəraitində karantinə alınıb. Bu üzdən komandanı bugünkü matça Sven Pipenbrok çıxaracaq.
“Sankt Pauli” - “Şalke” matçına Bakı vaxtı ilə saat 23:30-da start veriləcək.