"Sabah" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçəvəsində səfərdə "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib bütün komponentlərdə bizdən üstün idi. Layiq olan qələbə qazandı.
- "Qarabağ" necə təsir bağışladı?
- "Qarabağ" yaxşı təşkil olunmuş komandadır. Hücum futboluna üstünlük verirlər. Hər iki cinah müdafiəçisi çox fəaldır. Mövqe dəyişikliklərindən çox istifadə edirlər və oyunu kəskinləşdirə bilirlər. "Qarabağ" fərdi kefiyyətlərə malik bir sıra futbolçulara sahibdir.
- Qış fasiləsində müdafiəni gücləndirmək fikriniz var?
- Hər dəfə eyni sual verilir. Mən sizi başa düşürəm. Amma dəmək istəyirəm ki, dünyada heç bir məşqçi indi bu barədə danışmaz. Konkret istədiyimiz oyunçuların adını çəkə bilmərəm. Bir neçə keyfiyyətli futbolçu transfer etmək istəyərik. Amma hələ ki, bu barədə danışmaq istəmirəm.
- Belə fikir var idi ki, Murad Musayevin "Sabah"da gördüyü iş "Qarabağ"la oyunda bəlli olacaq. Bu fikirlə razısız?
- "Neftçi" və "Keşlə" ilə oyunda bunu görmədiz? Siz mətbuat nümayəndərlərisiniz, özünüz qiymət verə bilərsiniz. Bu oyunla bağlı suallarınız varmı? Bu gün uduzmuşamsa, hər bir nəticəyə görə mən cavabdehəm.
- Şpiro Periçiç daim əsas heyətdə oynayırdı. Onun oynamamağının səbəbi nədir?
- Bundan əvvəlki 3 uğurlu oyununuzda Bəxtiyar - Zurab ikilisinə üstünlük vermişdik. Təbii ki, qələbə qazananda müdafiə kimi həssas mövqedə rotasiya etmək istəmirsən. Şpiro məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Lakin bu ikilini dəyişmək istəmədim.
- Bu oyunda "Sabah"ın hansı problemlərinin olduğunu hiss edə bildiz?
- İlk növbədə psixoloji. Təbii ki, bu gün "Qarabağ"a qalib gəlmək çox çətindir. Lakin məğlubiyyətlər fərqli olur. Biz rəqibə həddən artıq epizod verdik. Əsas problemimiz psixoloji cəhətdən oldu. Amma rəqibin gücünü də nəzərə almalıyıq.