Elmar Baxşıyev: "İddiamızı ortaya qoyacağıq"

00:10 6 Dekabr 2021

“Qarşıda bizi çətin oyunun gözlədiyini bilirdik. Bu il “Zirə” də çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Həm müdafiədə, həm də hücumda etibarlıdırlar".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

 

O, səfərdə qazandıqları 2:1 hesablı qələbəni belə şərh edib: "Düşünürəm ki, dinamik oyun izlədik. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımızı təbrik edirəm. Mövsüm ərzində xarakter göstərirlər. İnanıram ki, getdikcə daha da məzmunlu oyunumuzu davam etdirəcək və iddiamızı ortaya qoyacağıq. Öncə də qeyd etmişəm ki, formalaşdırdığımız komanda çox mehribandır. Oyunçular bir-birinə qarşı səmimidirlər. Uduzduğumuz oyunlarda da heç bir irad bildirmirdim. Çünki görürəm ki, istədiyimi meydanda verirdilər. Mövsüm başlayandan da ilk tapşırığımız olub ki, mən istədiyimi meydanda versinlər. Nəticə bəzən olur, bəzən yox. Komanda məşqlərdə də bunu göstərir. Heç kimə təəccüblü gəlməsin ki, mövsümün əvvəlində iddiasız idik. Amma mövsüm göstərir ki, daha yaxşı olmağı bacarırıq”.

Baxşıyev ayrı-ayrı oyunçular barədə fikirlərini də bildirib: “Yorğunluq yox, rəqibin oyunçuları fəal idi, təzyiq göstərirdilər. Ona görə top itkiləri normaldır. Həm Rafael Utziq, həm İsnik Alimi ən vacib futbolçularımızdandır. İkisi də meydanda həcmli iş görürlər. Rövlan Muradovun əvəzlənməsi zədə ilə bağlı deyil. Onu sarı vərəqəyə görə əvəzlədik. Amma, mikrozədəsi də var. Bugünkü matçda iştirakı sual altında idi. Ona görə qorumaq istədik. Nə “Qarabağ”a, nə digər komandalara baxırıq. Yalnız qarşıdakı rəqibi düşünürük. Qismətdə yüksək yerlər varsa, o da olacaq. Amma düşüncə olaraq yalnız qarşıdakı matçı köklənirik. Matçın gedişində etirazlarımızı normal qarşılayın. Ola bilər ki, epizod bizə fərqli, hakimlərə fərqli görünsün. Bugünkü qarşılaşmanı normal idarə etdilər. Omar Haniyə də ikinci sarı vərəqə düşürdü. Heç bir etirazımız yox idi”.


Digər xəbərlər

Xəbər xətti